Sürətlə bahalaşan qızıl dünyanın düzənini dəyişir: Trampın əsas qorxusu – TƏHLİL

Sürətlə bahalaşan qızıl dünyanın düzənini dəyişir: Trampın əsas qorxusu – TƏHLİL






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Avropa, #Azərbaycan, #Bahalaşma, #Çin, #Dollar, #Donald Tramp, #Dondurma, #Dünya Bankı, #Hadisə, #İlham Əliyev, #Münaqişə, #Qiymət artımı, #Qızılın qiyməti, #Rusiya, #Ukrayna, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünya iqtisadiyyatında son illərin ən diqqətçəkən tendensiyalarından biri qızılın qiymətində müşahidə olunan kəskin artımdır. Hazırda qızılın bir unsiyasının qiyməti birjalarda 4050 dollardır. Oktyabr ayının əvvəlində qiymət rekord vuraraq 4300 dollara yüksəlmişdi.

presstvaz-ın məlumatına görə, cari ilin 9 ayına qlobal qızıl tələbi 1313 ton və ya 146 milyard ABŞ dolları dəyərində olub ki, bu, 2000-ci ildən indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Dünya Qızıl Şurasının (“World Gold Council”, WGC) 2025-ci ilin üçüncü rübünə dair hesabatında bildirilir ki, qızıla investisiya tələbi ötən ilin eyni dövrü ilə müqayisədə 47% artaraq 537 tona çatıb. Dünyanın nüfuzlu iqtisadi mərkəzləri qızılın yaxın 5 ildə kəskin bahalaşacağını proqnoz etsə də, “Dünya Bankı” qiymətlərdə kəskin artımın olmayacağı qənaətindədir. “Dünya Bankı”nın son hesabatına əsasən, 2026-cı ildə qızılın bir unsiyasının qiyməti 3575 dollara qədər yüksələcək, lakin 2027-ci ildə 5.6% azalaraq 3375 dollara düşəcək.

Müxtəlif iqtisadi institutların hesabatları göstərir ki, bahalaşmanın əsas səbəbi geosiyasi risklərin artması, dolların zəifləməsi və mərkəzi bankların rekord səviyyədə qızıl alışı ilə bağlıdır. Son iki ildə dövlətlər qızıl ehtiyatlarını 2015-2019-cu illərlə müqayisədə iki dəfədən çox artırıblar. Bu tendensiya yalnız bazar mexanizmləri ilə deyil, həm də maliyyə arxitekturasında paradiqmanın dəyişməsi ilə izah olunur.

Analitiklərin fikrincə, qızılın qiymət artımı təkcə geosiyasi faktorlarla deyil, ABŞ maliyyə sisteminin struktur problemləri ilə də sıx bağlıdır. Belə ki, 2016-cı ildə Amerika iqtisadiyyatının göstəriciləri…

Maliyyə tədqiqatçısı Ceyms Rikards 2016-cı ildə bildirmişdi ki, qızılın qiyməti 1200 dollardan 10 min dollara qədər yüksələ bilər. Onun hesablamasına görə, bu fərziyyə M1 pul kütləsinin (yəni dərhal likvidləşən pul vəsaitlərinin) 40%-nin qızıl üzərindən dəstəklənməsi prinsipinə əsaslanır. XX əsrin əvvəllərində (1913-1946) ABŞ-da M1-in 40%-i qızıl ehtiyatı ilə təmin olunmalı idi.

Hazırda bu sistem artıq mövcud olmasa da, Rikards bu nisbəti nəzərə alaraq belə nəticəyə gəlmişdi ki, qızılın qiyməti M1 həcminin artımına proporsional şəkildə bahalaşmalıdır. O dövrdə əsas iqtisadi güclərin – ABŞ, Çin, Avropa Birliyi və Yaponiyanın M1 kütləsi təxminən 24 trilyon dollar idi. Bu rəqəmi qızıl ehtiyatı ilə nisbətləndirən Rikards qiymətin 9000-10 000 dollar aralığında olmalı olduğunu iddia etmişdi.

Son on ildə M1 kütləsi iki dəfədən çox artıb. ABŞ-da 2016-cı ildən bəri M1 440% artım göstərib. Bu, təchizat yönümlü inflyasiyanın əsas səbəblərindən biri hesab olunur. Belə şəraitdə investorlar daha az riskli və tarixi etibarlılığı olan aktivlərə – yəni qızıla – yönəlməyə başlayıblar.

Qeyd edək ki, 1971-ci ildə Amerika dolları qızıl standartından ayrıldıqdan sonra, dünya iqtisadiyyatının təməl sütunu dəyişdi. Əvvəllər qızılın təminatı ilə işləyən sistem, dolların və Amerikaya inamın üzərində quruldu. Belə ki, uzun illər boyu ABŞ iki mühüm amil sayəsində qlobal iqtisadiyyatda stabilləşdirici rolu üzərinə götürdü. Dövlətlər illərlə ABŞ xəzinə kağızlarını ən təhlükəsiz yatırım hesab edirdilər. Çünki hər kəs Amerikada defoltun mümkünsüz olduğuna inanırdı. Həmçinin, ABŞ neftin dollarla satılmasını qəbul etdirmişdi. Neftdən gələn dollarlar isə yenidən Amerikanın xəzinə kağızlarına yatırılırdı. Bu, ABŞ-ın sonsuz borclana biləcəyi təsəvvürü yaradırdı.

Lakin bu sistemin zəif tərəfləri son illərdə aşkara çıxdı. Belə ki, Amerikanın dövlət borcunun təxminən 38 trilyon dollara çatması və hər il sürətlə artması, xarici dövlətlərdə ciddi suallar yaradır: “Bu, hara qədər davam edə bilər?” Artıq ABŞ istiqrazları heç də sıfır riskli görünmür.

Digər tərəfdən, ABŞ Mərkəzi Bankı (FED) son illərdə bazara həddindən artıq çox dollar buraxıb. Məsələn, 2016-cı illə müqayisədə M1 pul kütləsi minimum 4 dəfə artıb. Bu qədər pul çapı dolların alıcılıq qabiliyyətini kəskin şəkildə azaldır, yəni inflyasiyaya səbəb olur. İnvestorlar bu puldan qaçaraq öz sərvətlərini qorumaq üçün qızıla üz tuturlar.

Bütün bunlarla yanaşı, qızılın bahalaşmasında əsas faktor dünyada yaşanan geosiyasi proseslərdir. Xüsusilə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi dünyanın siyasi və iqtisadi strukturundakı problemləri dərinləşdirdi. Qərb ölkələrinin Rusiya Mərkəzi Bankına məxsus təxminən 300 milyard dollarlıq ehtiyatları dondurması, qlobal iqtisadiyyatda şok effekti yaratdı. Bu hadisə digər ölkələrə də açıq mesaj verdi: əgər Qərbin siyasi xətti ilə razılaşmasanız, sizin dollar ehtiyatlarınız bir anda əlinizdən alına bilər. Dollar artıq tək bir iqtisadi alət deyil, siyasi təzyiq vasitəsinə (silahına) çevrilib.

Bütün bu risklər (borc, inflyasiya, siyasi sanksiya) birlikdə dövlətləri və böyük investorları alternativlər axtarmağa məcbur edir. Bu alternativ isə qızıldır.

Qızıl heç bir ölkənin siyasətinə bağlı deyil, heç bir mərkəzi bank tərəfindən dondurula bilməz və minilliklərdir sərvətin universal qoruyucusu kimi tanınır. Bu, sadəcə bir metalın bahalaşması deyil, qlobal maliyyə güc mərkəzinin dollardan uzaqlaşaraq daha etibarlı və tərəfsiz bir aktivə – qızıla doğru yönəlməsinin əlamətidir.

Bu baxımdan ABŞ Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitlərinin Ukraynaya verilməsində tərəddüd edir və Amerikanın qlobal maliyyə mərkəzi kimi qalması üçün bütün mümkün addımları atmağa çalışır. ABŞ prezidenti Donald Trampın son zamanlar münaqişələrin həllinə fokuslanması, ərəb ölkələri başda olmaqla dünyanın müxtəlif ölkələrindən Amerikaya trilyonlarla dollar investisiya cəlb etməsi yönündə səylərinin əsas məqsədi ABŞ-ın maliyyə sistemi üçün gözlənilən təhdidləri neytrallaşdırmaqdır. Amma Tramp nə qədər investisiya axını üçün siyasi alətlərdən istifadə etsə də, Amerikanın sərmayələr üçün əvvəlki kimi etibarlı ölkə olduğu imicini bərpa edə bilmir. Həmçinin, ABŞ xəzinə kağızları əvvəlki etibarlılığını qoruya bilmir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) da bu prosesdən kənarda qalmayıb. Prezident İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli fərmanına əsasən “ARDNF-nin valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da edilən dəyişikliklər Fondun investisiya portfelinin daha çevik və gəlirli olmasına şərait yaradıb.

İnvestisiya siyasətinə əsasən, Fondun portfelinin 25%-ə qədəri qızıla yönəldilə bilər və bu limit son illərdə praktiki olaraq maksimuma yaxınlaşıb. 2025-ci ilin birinci rübündə Fondun qızıl alt-portfeli 165,3 ton təşkil edib, ilin üçüncü rübünün sonuna isə bu rəqəm 184,8 tona çatıb. Hazırda Fondun 32,8%-i, yəni təxminən 22,9 milyard dollarlıq hissəsi qızıl aktivlərində saxlanılır.

Hazırda davam edən geosiyasi proseslərin fonunda Dövlət Neft Fondunun qızıl almaqda davam edəcəyini gözləmək lazımdır. Mümkündür ki, Prezidentin 2011-ci il 27 oktyabr tarixli fərmanına dəyişiklik edilərək Fondun aktivlərində qızılın payı artırılsın. Bu, Dövlət Neft Fondunun aktivlərinin daha etibarlı və təminatlı olması üçün vacibdir.

Beləliklə, qızılın bahalaşması təkcə maliyyə bazarlarını deyil, həm də qlobal siyasi güc balansını dəyişir. Dolların dominant rolunu zəiflədir, dövlətlərin geopolitik müstəqilliyini artırır və investisiya yönümlərini daha stabil aktivlərə – qızıla yönəldir. Bu, həm mərkəzi bankların, həm də dövlətlərin qlobal maliyyədə daha güclü rol oynamağa başladığı yeni bir dünya strukturuna işarədir. Bu baxımdan yaranmaqda olan yeni dünya düzənində yeni beynəlxalq təşkilatlar formalaşacağını və fəaliyyətdə olan təşkilatların fəaliyyətində köklü dəyişikliklərin ediləcəyini gözləmək olar…


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv