Dünyaşöhrətli tenor Yusif Eyvazov: “Dağılmış teatrda tamaşaçı tərbiyə etmək olmaz”

Dünyaşöhrətli tenor Yusif Eyvazov: “Dağılmış teatrda tamaşaçı tərbiyə etmək olmaz”






presstv

"Presstv"az #Adil Kərimli, #Aktyor, #Almaniya, #Audi, #Avto, #Azərbaycan, #Bakı, #Berlində, #Heydər Əliyev, #Milan, #təyyarə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Gələn il dünyaşöhrətli səsyazma kampaniyası rəsmi olaraq “Koroğlu” operasını tarixdə birinci dəfə diskə yazacaq. Bu, bilirsiniz nə deməkdir? Təsəvvür edin ki, siz Milanda, Berlində, Vyanada və dünyanın istənilən nöqtəsindəki disk satan məkana girəndə orada Üzeyir Hacıbəylinin “Koroğlu” operasının diskini görəcəksiniz.

Yəni operamızı xarici səhnələrə çıxarmaq üçün bizə heç nə maneə olmur. Sadəcə, məsələn, “Koroğlu”nu sabah mən dünyanın ən məşhur “Arena di Verona” səhnəsinə aparıramsa, gərək keyfiyyətli tamaşa aparım. Bu kostyumlar deməkdir, dekorasiyalar deməkdir, xoreoqrafiya yüksək səviyyədə olmalıdır, orkestrimiz, xor və s. hamısı hazır olmalıdır”.

Bunu presstvaz-a eksklüziv videomüsahibəsində Xalq artisti, dünyaşöhrətli dramatik tenor, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov deyib.

Videomüsahibədən bəzi hissələri yazılı təqdim edirik:

– Yusif müəllim, sizcə Azərbaycan tamaşaçısının opera mədəniyyəti son illərdə necə dəyişib? Necə dəyərləndirirsiniz bugünkü tamaşaçı marağını?

– Hesab edirəm ki, biz indi bir keçid dövrü yaşayırıq. Məncə, Azərbaycanda olan tamaşaçı ona layiq olan tamaşaları, konsert proqramlarını, xaricdən qastrol səfərinə gələn artistləri kifayət qədər yüksək səviyyədə görmür. Çox istərdim ki, tamaşaçılarımız bizim ölkədə xarici ölkələrdən qastrol səfərinə gələn artistlərin, orkestrlərin, dirijorların konsertlərini izləsin.

Təəssüflər olsun ki, bu gün biz başqa konsert zallarından asılıyıq. Heydər Əliyev Sarayı, Konservatoriyanın Opera Studiyası, Heydər Əliyev Mərkəzi sağ olsunlar. Bu məkanlar bizə imkan verirlər ki, teatrımızda təmir aparılan dövrdə, heç olmasa, fəaliyyətimizi dayandırmamışıq. Operalar, konsert proqramlarını təqdim edirik, balet göstəririk. Çox çətin keçid dövrü yaşayırıq. Ona görə teatrımızın açılışını səbirsizliklə gözləyirik. Ən böyük arzumdur ki, Opera və Balet Teatrında tamaşaçıya yüksək səviyyədə operalar, konsert proqramları təqdim edə bilək. Mənim xaricdə olan bütün həmkarlarım-italyanlar, ispanlar, fransızlar, yəni dünyaşöhrətli müğənnilər həmişə soruşurlar: “Yusif, nə vaxt gedirik Bakıya?” Deyirəm, imkan verin, teatrımız açılsın, hamınız gələcəksiniz. (gülür)

Dünyaşöhrətli tenor Yusif Eyvazov: Dağılmış teatrda tamaşaçı tərbiyə etmək olmaz

– Yusif müəllim, iki il yarımdır ki, Opera və Balet teatrı təmirə bağlıdır. Çıxışlarınızın birində qeyd etmisiniz ki, bu, altı mərtəbəli bina tikmək deyil bir ilin içində tikib verəsən, burada başqa ciddi məsələlər var. Hansı məsələlərdir onlar? Təmiri ləngidən, yaxud bu qədər uzun çəkməsini qaçılmaz edən səbəblər hansılardır?

– Hörmətli tamaşaçılarımızın nəzərinə ilk olaraq onu çatdırmaq istəyirəm ki, mən iki il yarım bundan əvvəl teatra rəhbər gələndə, Fövqəladə Hallar Nazirliyinin işçiləri gəlib bizə rəsmi rəy verdilər. Çünki səhnə avadanlıqları artıq o qədər yararsız vəziyyətdə idi ki, artistlərimiz təhlükəli şəraitdə işləyirdilər. İnanın, bəxtimiz gətirib ki, heç kimin başına heç nə düşməyib. Bu, birinci məsələdir.

Onlar rəy verdilər və biz teatrı bağladıq. Bu proses, qeyd etdiyiniz kimi, 16 mərtəbəli bina tikmək deyil ki, leqo kimi qurub inşa edib bitirəsən. Burada ən vacib olan məsələ teatrın ürəyi sayılan səhnə avadanlığından başqa akustikadır. Bu teatra gələn hər kəs akustikadan şikayət edirdi, çünki faktiki yox idi. Bundan əvvəlki təmir zamanı, yanğından sonra çox böyük struktur, tikinti səhvlərinə yol verilmişdi. İndi biz həm də o səhvləri düzəltməliyik. Üstəlik, bu, həm də tarixi binadır.

Dünyaşöhrətli tenor Yusif Eyvazov: Dağılmış teatrda tamaşaçı tərbiyə etmək olmaz

Xaricdən gələn bütün partnyorlarımız deyirlər ki, bu binanı söküb yenidən tikmək daha asan başa gələr, nəinki bərpa etmək. Proses ona görə bu qədər uzanır. Xarici mütəxəssislərin vaxtı olmur. Axı o cür olmur ki, sən bu gün zəng edəsən, sabah təyyarəyə minib gəlsinlər. Onlara vaxt lazımdır. Biz müəyyən müddət ərzində danışırıq, sonra görüş keçiririk, tender olur – layihəni kim edəcək, necə edəcək və s. Bütün detallar dəqiqləşdirilir. Biz teatrı bir dəfə təmir edirik və bu, olduqca mürəkkəb prosesdir. Ona görə də işlər yavaş gedir.

Dünyaşöhrətli tenor Yusif Eyvazov: Dağılmış teatrda tamaşaçı tərbiyə etmək olmaz

Biz bunu bir dəfə əsaslı təmir edib tamaşaçıların üzünə açmalıyıq. Əgər biz burada hər hansı səhv etsək, sabah yenə eyni problemlər yaşanacaq. Bəs sonra bizə rəhbərlik deməyəcək ki, bu qədər təmir etdiniz, teatrı açdıq, akustika, digərləri yenə bərbaddır, eyni problemlər niyə var? Bina, məktəb tikmək tamam başqa məsələdir, teatrı bərpa etmək tamam başqa məsələ.

Nəzərə almaq lazımdır ki, bu, Azərbaycanın yeganə Opera və Balet Teatrıdır. Heç kim deməyib ki, mən sənə bir ilə teatr tikərəm. Biz hamımız bu məsələni müzakirə edirik. Xaricdə neçə-neçə görüşlərimiz olub. Mədəniyyət nazirimiz Adil Kərimli Vyanaya gedib. Oradakı mütəxəssislərlə neçə-neçə görüşlər keçirmişik. İnanın mənə, bu, kənardan göründüyü qədər sadə proses deyil.

Hələ üstəlik səhnə avadanlığı məsələsində ortaya çıxan suallar var. Məsələn, sabah teatr açılanda o avadanlıqları bizim əməkdaşlar idarə edə biləcəklərmi? Bunun üçün onlar xaricə göndərilməlidirlər, təlim keçməlidirlər. Yəni bu, elə-belə proses deyil. Səbirli olun, hər şey yaxşı olacaq. (gülür)

– Təxminən nə qədər vaxt ala bilər bundan sonra?

– Proses artıq başlayıb. Konkret tarix demək ki, filan vaxtda teatrı açacağam, bu çox böyük məsuliyyətdir. Artıq 2025-ci ili başa vururuq, belə ümid edirəm ki, 2027-ci ilin axırına işləri tamamlaya bilərik.

Dünyaşöhrətli tenor Yusif Eyvazov: Dağılmış teatrda tamaşaçı tərbiyə etmək olmaz

– Bildiyim qədər, orkestr üçün lazım olan avadanlıqlar da yenilənir. Bütün alətlər, hamısı alınıbmı?

– Sponsorlarımız sağ olsunlar, onların sayəsində musiqi alətlərimizin yeniləmə prosesini demək olar ki, bitirmişik. Bir neçə alət qalıb, onları da indi gətirə bilmirik. Çünki teatr təmirdədir deyə, gətirib qoya biləcəyimiz bir yerimiz yoxdur. Bəzi başqa alətlər də qalıb. Amma orkestr heyətimizin əksəriyyətinin, təxminən 80 faizinin alətləri yenilənib.

– Bəs məşqləri harada edirsiniz?

– Ya Opera Studiyasında, ya da elə burada, teatrın foyesində.

– Belə çətin şəraitdə…

– Bəli, gördüyünüz bu çətin şəraitdə.

Dünyaşöhrətli tenor Yusif Eyvazov: Dağılmış teatrda tamaşaçı tərbiyə etmək olmaz

– Yusif müəllim, opera tamaşaçısından müəyyən bir intellektual bilik tələb olunur. Yəni opera geniş kütlə üçün deyil. Bu gün mən operaları izləyirəm, çalışıram ki, özümü Opera və Balet Teatrının bütün tamaşalarına çatdırım. Müşahidə edirəm ki, operaya əsasən yaşlı nəslin nümayəndələri gəlirlər. Sizcə, bu gün operanı qəbul etmək, dərk etmək üçün yaş amili varmı?

– Xeyr. Birincisi, mən sizin “kütlə üçün deyil” fikrinizlə qətiyyən razı deyiləm. Biz gərək bu sənəti populyarlaşdıraq, necə ki, Luçano Pavarotti bunu edirdi. Biz gərək bu sənəti, bu gözəl aləmi camaata tanıtdıraq. Tamaşaçını tərbiyə etmək lazımdır. Operanı tanımamaq onların günahı deyil.

Baxın, əgər insanlar dağılmış bir teatra gəlirlərsə – hansı ki, parketi oradan sınıb, stulu buradan sınıb, səhnəsi bərbad gündədir – və sən ona bərbad bir tamaşa təqdim edirsənsə, onda sən ondan nə istəyirsən? Əlbəttə ki, belə olanda camaat heç vaxt tamaşaya gəlməz. Amma sən ona keyfiyyətli məhsul verirsənsə, çox gözəl bir səhnədə “Aida”, “Koroğlu”, “Sevil”, “Yeddi gözəl” və s. operalarını izləyəcəksə, gələcəklər. Cavanlar da gələcəklər.

– Sentyabr ayında siz “Koroğlu” kimi səhnəyə çıxdınız və çox fərqli bir performans göstərdiniz. Sizcə, bizim operanı, götürək lap elə “Koroğlunu”, dünya səhnəsinə çıxarmaq üçün bizə nə mane olur?

– Heç nə mane olmur.

– Bəs niyə çıxarmırıq?

Dünyaşöhrətli tenor Yusif Eyvazov: Dağılmış teatrda tamaşaçı tərbiyə etmək olmaz

Mən sentyabrda “Koroğlu”nu oxudum və bir müddət sonra menecerim zəng edib dedi ki, “Almaniyanın dünyaşöhrətli səsyazma kampaniyası olan “Deutsche Grammophon” “Koroğlu”nu diskə yazmaq istəyir. Sənin “İnstaqram” səhifəndə görüblər və deyirlər ki, bunlarda opera var?” Təsəvvür edirsiniz?

28 may 2026-cı ildə mən yenidən Heydər Əliyev Sarayının səhnəsində “Koroğlu”nu oxuyacağam və onların da hamısını dəvət etmişəm.

Tarixdə birinci dəfə keçən il bizim balet xarici teatrın dəvəti ilə qastrol səfərinə gedib. Bu, həmişəki tədbirlərdən deyil, siz bu qastrolu onlarla qarışdırmayın. Tədbirlər çox olur. Biz gedirik xaricdə zallar kirayə edirik, çıxış edirik, bu, başqa məsələdir. Bir də var xarici teatrın rəsmi dəvəti ilə bizim balet tarixdə ilk dəfə qastrol səfərinə gedib.

– “Yusif Eyvazov dünyaşöhrətli bir tenordur” kəlməsini eşidəndə, necə bir hiss yaşayırsınız?

– Doğrusu, çox xoşlanmıram bu sözlərdən. Çünki belə deyim var, “Bir insan ki, böyük olduğunu hələ başa düşmür, o yaşayacaq, böyüklüyünü başa düşəndə məhv olacaq”. Mən buna çox sadə şəkildə yanaşıram. Məndən heç vaxt eşitməzsiniz ki, özüm özümə “ulduz” yaxud “dünyaşöhrətli” titulu verim. Mənim əməllərim var, işim ortalıqdadır. Dünya səhnələrindəki çıxışlarım, yazılan disklərim, oxuduğum operalar hamısı ortadadır. Mən niyə özümə “dünyaşöhrətli super star tenor” deyim? Qoy onu başqaları desin. (gülür)

Mən onu deməməliyəm. Mən sadəcə özümü yaxşı bir opera ifaçısı hesab edirəm.

Dünyaşöhrətli tenor Yusif Eyvazov: Dağılmış teatrda tamaşaçı tərbiyə etmək olmaz

– Siz dünyanın ən böyük səhnələrində çıxışlar etmisiniz, çox məşhur tərəf müqabilləriniz olub. Sənət bilicilərinin sizin haqqında olan rəylərində də vokal imkanlarınızla yanaşı, həm də aktyorluq qabiliyyətiniz yüksək qiymətləndirilir. Ona görə bu məsələ ilə bağlı fikriniz maraqlıdır. Yəqin yadınızdadır, bu il Xalq artistləri Nəzakət Teymurova ilə Mənsum İbrahimovun yenidən məşhur “Leyli və Məcnun”u oynamaları geniş müzakirələrə səbəb oldu. Yazdılar ki, bu yaşda “Leyli” və “Məcnun” olmaq olmaz. Rəhmətlik İlhamə xanımın təbirincə desək, operada yaşın fərqi varmı? Səhnədə 65 yaşında “Məcnun”, 53 yaşında “Leyli” olmaq olarmı?

– Birincisi, Mənsum müəllim və Nəzakət xanım bizim dəyərli, böyük təcrübəyə və istedada malik olan sənətkarlarımızdırlar. Mən şəxsən onların hər ikisinin ifasını çox yüksək qiymətləndirirəm. Suala gəlincə, sərbəst şəkildə deyə bilərəm ki, bəli, olar. Niyəsini izah edim. Dünya praktikasında, dünya teatrlarında siz əgər 25, 30, 45, 50 il bundan əvvəlki çəkilişlərə baxsanız, görəcəksiniz ki, bəzən 20-25 yaşı olan personajı 60 yaşı olan Luçano Pavorotti (məşhur italyan tenor-red.) oynayıb. Niyə də yox? Əgər səsi bu gün ona imkan verirsə ki, vokal xətti başa çatdırsın və operanı gözəl ifa etsin, niyə də yox?! Mən razıyam ki, cavanlara da yol açılmalıdır, onlar da oxumalıdırlar və biz bu balansı saxlayırıq. Amma əgər bu gün Mənsum müəllim və yaxud Nəzakət xanım səhnəyə çıxıb “Leyli” və “”Məcnun” obrazını səsləri ilə yüksək səviyyədə təqdim edə bilirlərsə, niyə bu, qalmaqal yaratmalıdır?

Dünyaşöhrətli tenor Yusif Eyvazov: Dağılmış teatrda tamaşaçı tərbiyə etmək olmaz

Əslində bu, bizim cavan nəsil üçün böyük bir məktəbdir. Bu gün canlı səhnədə Mənsum müəllimi, Nəzakət xanımı və başqa təcrübəli ifaçıları görmək, onları kənardan müşahidə etmək – necə işləyirlər, necə məşqə gəlirlər, işə necə yanaşırlar- özü bir məktəbdir. O vaxt da mən bu söhbətin əleyhinə olmuşdum.

Birincisi, nəzərə almaq lazımdır ki, bu, opera teatrıdır və biz burada səsdən danışırıq. Hə, əgər yaşa görə hansısa bir müğənni o tesituranı saxlaya bilmir, o zillərə çıxa bilmirsə, bu başqa. Özüm birinci deyərəm ki, başqa rollara keç. Özüm ifaçıyam, başa düşürəm. Amma özüm bu gün 48 yaşımda niyə 30 və ya 25 yaşında olan personajı oynamayım, əgər səsim buna imkan verirsə? Əgər bir gün görsəm ki, artıq vokal nöqteyi-nəzərindən hansısa ifanı səhnəyə çıxara bilmirəm, özüm birinci deyərəm ki, bitdi, artıq bunu yığışdırdım. Yəni ki, yaşın fərqi yoxdur.

Dünyaşöhrətli tenor Yusif Eyvazov: Dağılmış teatrda tamaşaçı tərbiyə etmək olmaz

– Qeyd etdiniz ki, indidən üç il bundan sonranın repertuarlarını hazırlayırsınız, qrafikiniz sıxdır, yaradıcılıqla bağlı planlarınız çoxdur. Siz həm də Opera və Balet Teatrının direktoru kimi böyük bir məsuliyyəti də daşıyırsınız. Bu iki iş – yaradıcılıq və idarəçilik bir yerdə olanda onların hansısa o birinə mane olur. Yəni bu iki funksiyanı eyni səviyyədə daşımaq mümkün deyil. Sizdə necədir? Hansı mane olur?

– Hər ikisi mane olur… (gülür) İşim elədir ki, günlərimin çoxu təyyarələrdə keçir. Yaradıcılıq həyatım artıq öz çəmini tapıb. Bax elə indi mənə 15 dəqiqə vaxt verin, hazırlaşım, istənilən operanı oxuyum. Çünki yaradıcılıq həyatım öz yoluna düşüb, öz istiqaməti var deyə avtomatik olaraq gedir. Belə baxanda dünyanın fərqli teatrlarında eyni operaları ifa edirəm, haradasa 30 ya 35 roldur. Bu gün mənim əsas problemim yollarda qalmaqdır. Bəzən elə olur ki, gedib başqa ölkədə tamaşaları oxumaq üçün 2-3 həftə qalmalı oluram. Tamaşalararası 2-3 gün boşluq yarananda Bakıya gəlməli oluram…

İşə gəldikdə, burada çox yaxşı komanda yığmışıq. Teatr üçün can yandıran cavanlarımız var. Mən burada olmayanda da gündə bir neçə dəfə əlaqə saxlayırıq. Bütün məsələlərdən xəbərim olur. Şükür, hələlik bir problem yoxdur. İdarə edirik. (gülür)

Dünyaşöhrətli tenor Yusif Eyvazov: Dağılmış teatrda tamaşaçı tərbiyə etmək olmaz

– Sənət baxımından azadsınız, amma idarəçilik fərqlidir. Siz müəyyən bir çərçivənin içindəsiniz. Kiminsə barədə qərar verməlisiniz, kiminsə barədə qərar verməlisiniz, kiminləsə razılaşmalı, kiminləsə razılaşmamalısınız. Bu baxımdan rahatdır sizə idarəçi olmaq?

– Rahatdır o baxımdan ki, həyatda nizam-intizamı sevən adamam. Ona görə uşaqları (əməkdaşları nəzərdə tutur- red) da elə öyrətmişəm ki, məsələyə konkret yanaşılsın. Bax, iş budur, problem budur. Get, həll elə. Qanun çərçivəsində məsələləri həll edirik.

Əlbəttə ki, asan deyil. İndi mən durub deyim ki, hər şey asandır, superdir, belə deyil axı, problemlər də var. Biz çalışırıq, onların öhdəsindən gələk. Tamamilə əminəm ki, bir direktorun teatrda səhər saat 9-dan axşam saat 6-ya kimi oturmasına ehtiyac yoxdur. Çünki proseslər yoluna düşəndən, mexanizm işləyəndən sonra buna ehtiyac qalmır. Özüm təbii ki, işdə oluram. Bakıda olanda hər gün işə gəlirəm. Xaricdən qayıdandan sonra 3-4 gün işə gələndə toplanan məsələləri həll edirəm və biz yenə rutin həyatımıza davam edirik. Ona görə idarəçilik məsələsində hələ ki heç bir problem yaşamırıq. Əksinə, inkişaf edirik – yeni tamaşalar səhnəyə qoyuruq, işimizdəyik.

Əsas məsələ produktiv, məhsuldar olmaqdır, səhərdən axşama kimi işdə oturmaq deyil.

– Bütün teatrlarda bu proses yaşanır, sizdə də yəqin yaşanmamış deyil. Bilirsiniz ki, sənət adamları çox həssas, hətta bir az da küsəyən olurlar. Yeni rəhbərlik gələndə həmişə müəyyən narazılıqlar yaranır. Məsələn, deyirlər ki, Yusif müəllim gəldi, filankəsləri işdən azad elədi, bəyənmədi və yaxud da kimsə ondan daha başqa bir yanaşma gözləyirdi, onu görmədiyi üçün küsdü, çıxdı getdi. Siz özünüz də bir sənətçisiniz. Bu situasiyaları necə nizamlayırsınız? Sizcə, sənət adamlarını hansı halda eşitmək lazımdır, hansı halda lazım deyil?

– Bütün həmkarlarım da təsdiq edə bilər ki, teatra gələndən heç kimi işdən çıxarmamışam. Özləri ərizələrini yazıb çıxıb gediblər.

– Səbəb?

– Səbəb odur ki, iş prosesi onları qane etmirdi. Mən burada yeni, müasir və dünya səviyyəsində olan bir proses qurmaq istəyirəm. Onlar da onu bacara bilməzdilər. Bunu başa düşdülər və yollarımız ayrıldı. Bu, normal bir prosesdir. Mən uşaqlara da bunu tez-tez deyirəm ki, teatrda mənim şəxsi simpatiyam və ya antipatiyam olmamalıdır və yoxdur. Mən sırf iş nöqteyi-nəzərdən bu prosesə yanaşıram.

Elə adamlar var ki, köhnə komandadan qaldılar və hələ də işləyirlər, çünki onların işi qane edir. Amma elə adamlar da oldu ki, yeniliklərə dözə bilmədilər və getdilər. Bu, çox normaldır. Bir daha deyirəm, teatra rəhbərlik etdiyim bu iki il yarımda heç kimi əmrlə işdən çıxarmamışam. Belə bir şey olmayıb.

Dünyaşöhrətli tenor Yusif Eyvazov: Dağılmış teatrda tamaşaçı tərbiyə etmək olmaz

– Yusif müəllim, belə bir fikriniz olubmu ki, köçüm gedim Azərbaycandan? Məsələn, gedim Milanda yaşayım. Amma səmimi..

– Səmimi deyim ki, əgər siz mənim cədvəlimə baxsanız, görərsiniz ki, hazırda “bomj” kimi bir həyat yaşayıram. Bir yerdə 2-3 həftədən çox qalmıram. Xaricdə də, Azərbaycanda da evim var, şükür Allaha, amma mənim üçün “sənin evin haradadır?” sualına cavab yoxdur.

Bilirsiniz, işimiz belədir ki, gəlirəm Bakıya, üç həftə burada, on gün başqa yerdə oluram, sonra yenə qayıdıram, yenə gedirəm-gəlirəm və bu proses belə davam edir. O ki qaldı Bakıda ya Milanda yaşamağa, onsuz da mən hal-hazırda təyyarədə yaşayıram. (gülür)

Dünyaşöhrətli tenor Yusif Eyvazov: Dağılmış teatrda tamaşaçı tərbiyə etmək olmaz

Bəzən dostlarım mənə deyir ki, sən göydə daha çox vaxt keçirirsən, nəinki Yerdə. Vallah, düz deyirlər. (gülür) Ona görə ev məsələsinə gələndə siz məndən soruşsanız ki, sənin evin haradadır, cavab verə bilmərəm.

Verdiniz artıq. Təyyarədə…

– Bəli, təyyarədə… Evim yəqin bir gün bəlkə də təzədən sevdiyim bir adamın ürəyi olacaq… Bəlkə də… Bilmirəm.

Əzizə İsmayılova

Video: Əqdəm Qasımov


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv