Vətən müharibəsi əlili: “Biz Vətənimizi – evimizi qoruyurduq”

Vətən müharibəsi əlili: “Biz Vətənimizi – evimizi qoruyurduq”






presstv

"Presstv"az #Ağcabədi, #Audi, #Bakı, #Cəbrayıl, #Füzuli, #İlham Əliyev, #Müharibə, #Orta məktəb, #Qırıcı təyyarə, #Quba, #Sərəncam, #Təhsil, #təyyarə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Mən müharibəni yalnız filmlərdən izləmişdim. Onun insanlara yaşatdığı ağrı-acını, faciəni təsəvvür etmirdim. Bizdən əvvəlki nəsillər ötən əsrin 90-cı illərində gözlənilmədən savaşa cəlb olunduqları, ölkənin ərazi bütövlüyünü qoruduqları kimi, mən və hərbçi yoldaşlarım da anidən döyüşlərin iştirakçısına çevrilmişdik. Biz Vətənimizi – evimizi qoruyurduq. Bir zamanlar filmlərdə gördüyümüz döyüş səhnələrini canlı-canlı yaşayırdıq”.

presstvaz “Kaspi” qəzetinə istinadən xəbər verir ki, bu fikirlər III qrup Vətən müharibəsi əlili Cavid Hüseyn oğlu Aşirova məxsusdur.

O, 1999-cu ildə Bakıda anadan olub, 2016-cı ildə 53 saylı tam orta məktəbi bitirib. 2016-2020-ci illərdə Bakı Dövlət Universitetində turizm və hotelçilik ixtisası üzrə ali təhsil alıb. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Ağcabədi rayonundakı “N” saylı hərbi hissənin artilleriya divizionunda topçu kimi xidmətə başlayıb.

Vətən müharibəsi əlili: Biz Vətənimizi - evimizi qoruyurduq

Düşmən aviasiyasının atəşi nəticəsində yaralanıb

C.Aşirov hərbi xidmətinin üçüncü ayında ordumuzun əks-hücum əməliyyatlarına cəlb olunub. O, digər topçu əsgərlərlə birlikdə Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində irəliləyən hərbçilərimizə artilleriya dəstəyi verib, düşmənin mühəndis-istehkam qurğularının, yüksəklikdə yerləşən döyüş mövqelərinin darmadağın edilməsində şücaət göstərib. Oktyabrın 20-də düşmən aviasiyasının atəşi nəticəsində yaralanıb. Bununla da onun döyüş yolu sona çatıb. Əvvəlcə səhra hospitalında, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, ardınca Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə olunub və ordudan tərxis edilib.

Vətən müharibəsi əlili: Biz Vətənimizi - evimizi qoruyurduq

“Əsgər yoldaşlarım olmasaydı, həyatımı itirə bilərdim”

C.Aşirov o anları belə xatırlayır: “Vətən müharibəsi başlayan gündən bizim hərbi hissə döyüşlərə cəlb olundu. Həmin dövrdə bizim hərbçilər hər gün irəliləyirdi deyə, zaman-zaman biz də mövqelərimizi dəyişir, piyada birləşmələrə atəş dəstəyi vermək üçün daha irəlidə yeni mövqelər seçməli olurduq. Beləcə Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində xeyli irəlilədik. Sonuncu dəfə Qubadlının Balasoltanlı kəndində yeni mövqelərdə möhkəmlənmişdik. Elə bu vaxt səmada pilotsuz uçuş aparatı gördük. Düşmən yerimizi müəyyən etmişdi. Cəld şəkildə mövqeləri dəyişməyə, ərazidən uzaqlaşmağa çalışdıq. Lakin düşmənin güclü atəşi altında bunu tam başa çatdıra bilmirdik. Minaatan mərmiləri yağış kimi başımıza yağırdı. Mərmi qəlpələrindən yayınmaq üçün xüsusi xəndəklərdə, daldanacaqlarda gözləyirdik ki, şəxsi heyəti, silah-sursatı qoruya bilək. Artilleriya atəşinin ardınca düşmənin hərbi aviasiyası səmada göründü. Bizə tərəf irəliləyən qırıcı təyyarə gövdəsindən üzərimizə kasetli bomba atdı. Qəlpələr yanımdakı əsgər yoldaşım Səyyad Ağahüseynlini, mayor Sadiq Həsənovu ağır yaraladı və onlar şəhidlik zirvəsinə ucaldılar. Mənim isə hər iki ayağımı, dizlərimi, kürəyimi qəlpə yaralamışdı. Sağ ayağımın diz qapağı tamamilə parçalanmışdı. Ayağa durmağım, yaxud sürünərək hərəkət etməyim qeyri-mümkün idi. Əsgər yoldaşlarım olmasaydı, ilkin yardım göstərilməsəydi, qanaxmadan mən də həyatımı itirə bilərdim”.

Vətən müharibəsi əlili: Biz Vətənimizi - evimizi qoruyurduq

“Döyüş yoldaşlarım əsl qəhrəmanlıq nümayiş etdirdilər”

C.Aşirov döyüş meydanından onu çıxaran əsgərlərin əsl qəhrəmanlıq göstərdiklərini bildirdi: “Təsəvvür edin ki, hər yan odun-alovun içindədir. Ətrafda davamlı olaraq minaatan mərmisi partlayır, müxtəlif istiqamətlərə qəlpə səpələyir. Altı əsgər yoldaşım yaralandığımı görüb qorxub-çəkinmədən məni ayaqlarımdan, bədənimdən, qollarımdan tutub kənara daşıyırdılar. Elə bu vaxt düşmən təyyarəsinin təkrar bizə tərəf istiqamətləndiyini gördüm. Əsgər yoldaşlarıma əvvəl qışqıraraq, hədə-qorxu gələrək, sonra yalvararaq dedim ki, məni atın yerə, özünüz daldanacağa çəkilin, yoxsa mənə görə siz də həyatınızı itirəcək, yaxud yaralanacaqsınız. Onların heç biri buna məhəl qoymadı. Hətta qırıcı təyyarə ikinci dəfə gövdəsindən kasetli bomba atmağına, qanadlarındakı raketdən istifadə etməyinə baxmayaraq, döyüş yoldaşlarım qorxmazlıq, əsl qəhrəmanlıq nümayiş etdirdilər, yaralı silahdaşlarını döyüş meydanında qoymadılar. Onların və ilkin tibbi yardım göstərənlərin sayəsində həyatda qaldım. Həyatımı onlara borcluyam”.

“Müharibədə qəhrəmanlıq an məsələsidir”

Həmsöhbətimiz deyir ki, müharibədə qəhrəmanlıq an məsələsidir: “Bizim batareyada arıq, çəlimsiz, sakit bir əsgər yoldaşımız var idi. Müharibə günlərində onun daha çox narahatlıq yaşadığını, gərgin olduğunu hiss edirdik. Onunla söhbət edir, mənəvi-psixoloji dəstək olmağa çalışırdıq ki, ruh düşkünlüyü yaşamasın. Amma mən yaralananda onun necə qorxuya qalib gəldiyini, özünü itirmədiyini müşahidə etdim. Bunu həmin əsgər məni yaralı halda döyüş meydanından çıxarıb deyə söyləmirəm. Həmin an mərmi qəlpələri yanımda sipər alan bir zabit və əsgəri həyatdan məhrum etmişdi, mən yaralıydım, ətraf qan, od-alov içində idi. Amma o, özünü itirmədən başımın üstündə dik dayanmışdı və daldanacaqdakı digər əsgərləri köməyə səsləyirdi. Sona qədər yanımdan getmədi. Halbuki həlak olması an məsələsi idi”.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla C.Aşirovun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilib. O, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb. Hazırda dövlət qurumlarından birində çalışır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv