Bakının mərkəzindən yoxa çıxan zibil qabları – Məsuliyyət kimdədir?

Bakının mərkəzindən yoxa çıxan zibil qabları – Məsuliyyət kimdədir?






presstv

"Presstv"az #Anar Əliyev, #Azərbaycan, #Bakı, #Bakı Şəhər İcra Hakimiyyəti, #Bələdiyyə, #COP29, #dənizdə, #Hakim, #İnzibati Xətalar Məcəlləsi, #Meşə, #Milli Məclis, #Nazirlər Kabineti, #Siqaret, #Vəzifə, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda COP29 ərəfəsində əksər küçələrdə kiçik ölçülü zibil qabları – urnalar quraşdırılmışdı. Sakinlər, turistlər əllərindəki tullantıları rahatlıqla qısa vaxtda zibil qabı tapıb ata bilirdi. Son zamanlar isə vətəndaşlar şikayət edirlər ki, əksər zibil qabları sökülüb. Bir çox ərazilərdə belə hallar mövcuddur. Bu səbəbdən də vətəndaşlar ətrafda zibil qabı tapa bilmir və zibili yerə tullayırlar. Vətəndaşlar iddia edirlər ki, zibil qablarının yığışdırılmasının səbəbi daha çox cərimə yazıla bilməsi üçündür.

presstvaz bununla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir.

“Hər bir MKTB öz ərazisinə cavabdehdir”

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti rəhbəri Mətin Hüseynovun sözlərinə görə, zibil qablarını hər rayon üzrə Mənzil Kommunal Təsərrüfatı Birlikləri yerləşdirir: “Hər bir MKTB öz ərazisinə cavabdehdir. Yəni vətəndaş konkret ərazi üzrə həmin qurumlara müraciət etməlidir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamenti isə narıncı və yaşıl konteynerləri yerləşdirir. Amma siz dediyiniz zibil qabları, yəni urnaları hər rayon öz tələbatına görə yerləşdirir”.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən bildirildi ki, zibil qutuları küçələrdə əsasən 100 metrdən bir yerləşdirilir və bu, ümumi standartdır: “Sadəcə əhalinin daha sıx olduğu yerlərdə artıq standart 50 metr olur. Məsələn, “Fəvvarələr bağı” kimi insanların çox toplaşdığı yerlərdə bu məsafə 50 metrə qədər azaldılır. Amma standart 100 metrlik məsafədir”.

Urbanist Anar Əliyevin fikrincə, zibil qabları şəhərlərin ayrılmaz hissəsidir: “Yerə zibil atmaq qəbulolunmazdır. Lakin insanların zibili yerə atmaması üçün zibil qabları mütləq olmalıdır. Çünki bu şəhər infrastrukturunun bir parçasıdır. Ən az 100 metrdən bir zibil qabları olması vacibdir”.

“40 metrdən az olmayaraq zibil qutuları quraşdırılmalıdır”

Ekoloq Sadiq Həsənovun sözlərinə görə, COP29 dövründə bu işlərə çox ciddi yanaşılırdı. Bu tədbirdən sonra da ənənələri davam etdirməliyik: “Zibil qutularının qoyulması qanunvericilikdə əksini tapıb. Nazirlər Kabinetinin 2005-ci il 74 saylı qərarında konkret məsafələr qeyd olunub. Parklar və xiyabanlarda zibil qutuları arasında məsafə 40 metrdən az olmamalıdır. Daha çox insanların olduğu ərazilərdə isə 10-50 metr arası nəzərdə tutulub. Zənnimcə, tullantı qabları qəsdən yığışdırılmayıb. Ola bilsin ki, hansısa ərazilərdə tullantı qabları çatışmadığından bir az saylarını azaldıblar. Ancaq hər bir halda bu nizamlanmalıdır. Hansı rayonlarda ki, zibil qabı yoxdur, həmin ərazilərdə bələdiyyələrə yaxud icra hakimiyyətlərinə müraciət etməliyik ki, problemi həll etsinlər”.

S.Həsənov bildirdi ki, zibilin yerə atılması təkcə təbiətə yox, həm də bizim sağlamlığımıza ziyandır: “Zibil qabı olmayan ərazilərdə insanların zibili yerə atması qəbul edilən hal deyil. Əgər ətrafda zibil qabı yoxdursa, qarşına zibil qabı çıxana qədər onu saxlamaq lazımdır. Ətraf mühitə atdığımız hər tullantı müəyyən formada bizə geri dönür. Həm ərazini çirkləndirir, həm də külək vasitəsilə ətrafa yayılır. Qida maddələri sürətlə parçalanıb zəhərli qazlar yaradır. Hansı ki, bəzən zibil qalıqlarının yanından keçdikdə xoşagəlməz qoxunu hiss edirik”.

“Bu, düzgün yanaşma deyil”

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Rövşən Muradov da düşünür ki, insanlar bu kimi hallarda müvafiq qurumları xəbərdar etməlidirlər: “Ola bilər ki, zibil qutusunu kimlərsə oğurlayır, yaxud müəyyən səbəblərdən yığışdırılır. Bütün ərazilərə nəzarət edən qurumlar var. Onlar bu zibil qablarına məsuliyyət daşıyırlar. Urnalara müvafiq rayon icra orqanları, icra hakimiyyətlərinin nəzdində kommunal təsərrüfat birlikləri baxır”.

R.Muradovun fikrincə, hər kəs əlindəki tullantını özü daşımalı və lazım olan yerə atmalıdır: “Məsələn, Yaponiyada siqaret çəkənlərin hər birinin əlində xüsusi qablar olur. Onlar hətta siqaretin külünü belə çölə atmırlar. Külünü də qaba tökürlər və tullantı üçün nəzərdə tutulan qutulara boşaldırlar. Bəzən görürük ki, insanlar tum çırtlayıb yerə tökürlər. İrad da bildirəndə deyirlər ki, onsuz da kimsə süpürəcək. Amma bu, düzgün yanaşma deyil. Hər kəsin əlində paketi olmalıdır ki, zibili olanda və qutu tapmayanda oraya ata bilsin. Çünki yerə zibil atmağa görə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub. Ətraf mühitin mühafizəsi haqqında qanun mövcuddur. Orada bu kimi məsələlər qeyd olunub”.

“Cərimədən əlavə, maariflənmə də olmalıdır”

Deputatın sözlərinə görə, cərimələrdən əlavə, insanları maarifləndirmək də lazımdır: “İnsanlar başa düşməlidirlər ki, urnanın olmaması ətrafı çirkləndirməyə səbəb ola bilməz. Təkcə şəhərdə yox, dənizdə, meşədə də bəzən görürük ki, insanlar zibillərini tullayıb gedir, maşından yerə atırlar. Amma Azərbaycan bizim torpağımızdır, onu qorumaq, təmiz saxlamaq hamımızın vəzifə borcumuzdur”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv